Virtual e-roman |
Açıq İnteraktiv e-roman: "Dəli günlərimin çalarları" |
||||||||
|
|
Əsas Səhifə
Haqqında
|
||||||||
![]() İstək varsa, özünüz də həmmüəlliflik edin... Aydın Xan |
|
||||||||
|
Azərbaycan gəncliyinin düşündürən məsələlər...
«DALĞA» GƏNCLƏR HƏRƏKATININ SƏDRİ VƏFA CƏFƏROVA: «BİZ MÜXALİFƏT DEYİLİK. BİZ ƏDALƏTSİZLİYƏ QARŞI MÜXALİFƏTİK»
Bəxtiyar H., Massaçusets, Amerika: Salam. Vəfa xanım, hakimiyyətə yaxın mənbələr qeyri-rəsmi söhbətlər zamanı «Dalğa» Gənclər Hərəkatına qarşı kəskin polis təzyiqlərini belə izah edirlər ki, azdırlar, onların fikirləri ətrafında çox gəncin birləşməsi real deyil. Onların həyat tərzi və qeyri-adi fikirləri bir cox mühafizəkar, vətənpərvər gənci onlardan uzaq saxlayır. Eyni zamanda «Dalğa»çı gənclərin intellektual, təhsil və dünyagörüşü baxımından cox da yüksək səviyyədə olmadığı deyilir. Məhz buna görə də hökumət süni təzyiqlər, həbslərlə «Dalğa»nı aqressivləşdirir və gənclərdən ibarət müxalif qüvvə qismində onu görmək istəyir. Çünki bu müxalif qüvvə zəif və zərərsizdir. Bununla birlikdə hökumət ABŞ-la mübadilə proqramları çərçivəsində Amerikada təhsil almış gənclərdən ehtiyatlanır və onların təşkilatlanmaması, Azərbaycanda marağı olan qüvvələrin bu insanlara dəstək verməməsi üçün «Dalğa» kimi zəif müxalif qüvvənin olmasını istəyir. Sizin bu yanaşmaya münasibətiniz necədir? Özünüzü zəif hiss edirsinizmi? Doğrudanmı hakimiyyət məhz sizi müxalif gənclər qrupu olaraq görmək istəyir? Cavab: Bizim barəmizdə bu cür fikirləşən təkcə Bəxtiyar bəy deyil. Çox geniş yayılmış fikirdir ki, «Dalğa»çıların həyat tərzi qeyri-normaldır, bizim adət-ənənələrimizə ziddir, təhsil almayıblar... Mən demək istəyirəm ki, «Dalğa» Gənclər Hərəkatının üzvlərinin əksəriyyəti universitet tələbələridir. Hərəkat iki ildir yaranıb. Bir il əvvəl üzvlərimizin bir qrupu xaricdə təhsil almağa gedib. Əgər doğrudan da, onların dediyi kimi, bizim intellektual səviyyəmiz aşağı olsaydı, heç kim təhsil almaq üçün xaricə gedə bilməzdi. İkincisi, «Dalğa»çıların intellektual səviyyəsini hansı kriteriyalarla ölçürlər? Mən bunu başa düşmürəm. Bizim hərəkatın fəaliyyətinin görünən tərəfi aksiyalarımızdır. Görünməyən tərəfi isə seminarlar, demokratiya məktəbi, təhsil könüllüləridir. Demokratiya məktəbində bizim hərəkatın üzvləri başqa gənclərə demokratiya prinsiplərindən dərs deyirlər. İntellektual bazası olmayan adam başqasına nəyisə necə öyrədə bilər? Bu absurddur. «Dalğa»nın müxalifət olması ilə bağlı iddialara gəldikdə, bu da absurddur. Biz müxalifət deyilik. «Dalğa» ictimai hərəkatdır, cəmiyyətdəki problemləri aksiyalar vasitəsilə qabardaraq onlara ictimaiyyətin diqqətini yönəltmək istəyir. Bəli, biz ədalətsizliyə qarşı müxalifətik. Mən «Dalğa»nın zəif olması fikri ilə də razı deyiləm. Düzdür, bizim 300-dən bir qədər çox üzvümüz var. 8 milyon əhalisi olan ölkə üçün bu, çox az görünə bilər. Ancaq «Dalğa» Azərbaycanda yeganə müstəqil qurumdur ki, heç kim tərəfindən idarə olunmur və öz hesabına maliyyələşir. Bu baxımdan bizim rəqibimiz yoxdur. Sayımız ona görə azdır ki, biz kəmiyyətə yox, keyfiyyətə üstünlük veririk. Biz hər müraciət edəni «Dalğa»ya üzv qəbul etmirik. Hərəkata üzv olmaq üçün xüsusi mərhələlərdən keçmək lazımdır. Fariz Hüseynov, Memfis Universiteti: Vəfa xanım, sizə iki sualım var. 1. Siz (təskilat olaraq) gələcək prezident seckilərində hansı namizədi dəstəkləyirsiz? Və niyə? 2. Sizcə, ölkəmizdə hakim rejimin haqsızlıqlarına qarşı sivil və hüquqi yollarla mübarizə aparmaq kifayətdirmi, yoxsa daha sərt müqavimət göstərmək lazımdır? Yeni Mahatma Qandi bizim hakimiyyətə qarsı mübarizə aparsaydı, nə qədər uğur qazanardı? Təşəkkürlər. Cavab: Biz heç kimin prezidentliyə namizədliyini dəstəkləmirik. Bizim öz prinsiplərimiz var və siyasi qurum deyilik. İctimai qurum kimi isə neytrallığımızı qoruyuruq. Ancaq prezident seçkilərində hüquqi pozuntular, qanunsuzluqlar olarsa, biz buna etirazımızı kəskin formada bildirəcəyik. Fərd kimi isə «Dalğa»nın hər bir üzvü azaddır. Düzünü desəm, Fariz bəy mənim simpatiyalarımı çox dəqiq tapıb. Bəli, mən Mahatma Qandinin böyük pərəstişkarıyam. Fikirləşirəm ki, bu cür hakimiyyətə qarşı ancaq sivil yolla mübarizə aparmaq lazımdır. Onlar səni dəyənəklə vuranda qayıdıb məhəbbətlə deyirsən ki, vurmayın, gəlin bir yerdə yaşayaq. Bu onun qəddarlığını bir az da qabardır. Fikirləşirəm ki, haqsızlığa qarşı ancaq sivil yollarla mübarizə aparmaq lazımdır. Mahatma Qandi ayaqyalın bütün Hindistanı gəzdi və böyük İngiltərə imperiyasının oradan çıxarılmasına nail oldu. Biz də ayaqyalın aksiya ilə başladıq və ümid edirəm ki, nəyəsə nail olacağıq. Esmer Remark: Əgər «Dalğa»da qeyri-ənənəvi cinsi oriyentasiyanın nümayəndəsi olsa idi, ona münasibətiniz necə olardı? Bakıda gey klubun açılmasına münasibətiniz? Təsəkkür. Cavab: «Dalğa» demokratik və liberal bir qurumdur. Ona görə də bizə çox zaman kəskin iradlar olur. Düzdür, mən hərəkatın sədriyəm, ancaq heç kimin şəxsi həyatına qarışmaq ixtiyarım yoxdur. İctimai həyatla şəxsi həyat bir-birindən tamamilə fərqlənir. Hər bir kəs şəxsi həyatında transseksual, biseksual, bir sözlə, kim istəyir ola bilər. Mənə onun ictimai mövqeyi maraqlıdır. Bakıda gey klubun açılmasına münasibətim normaldır. Əgər biz tolerant cəmiyyətiksə, onda gey klublar da fəaliyyət göstərməlidir. Ramil, YAP Gənclər Təşkilatı Mingəçevir şöbəsinin sədr müavini: Bütün YAP-çıları salamlayıram. Sualım, daha doğrusu, iradım belədir. Bəzi «iqtisadçılar» arasında Azərbaycanı Ermənistanla müqayisə etmək bir dəb halını alıb. Onlar sübut etməyə «çalışırlar» ki, Ermənistan təbii resurslara malik olmasa da, Azərbaycandan irəlidədir. Amma mən qısa bir araşdırma apardım. Ermənistan Milli Statistika Xidmətinin saytındakı məlumata əsaslanaraq deyə bilərəm ki, bu ilin 10 ayında Ermənistanın ÜDM göstəricisi 2 trilyon 396 milyard 202 milyon 100 min dram (7.925 milyard dollar) təşkil edib. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, analoji dövrü əhatə edən ÜDM göstəricisi respublikamızda 18.7 milyard manat (22 milyard dollar) təşkil edib. Bu da fərq. Azərbaycanın ÜDM göstəricisi Ermənistanın analoji göstəricisindən təqribən 14 milyard dollar və ya 3 dəfə çoxdur. Deyə bilərsiniz ki, bu üstünlüyümüz neftin hesabınadır. Xeyr! Azərbaycanın qeyr-neft ÜDM göstəricisi 13 milyard dollardır. Bu isə o deməkdir ki, Azərbaycanın QEYRİ-NEFT ÜDM göstəricisi Ermənistanın ÜMUMİ ÜDM göstəricisindən təqribən 5 milyard dollar və ya 2 dəfə çoxdur. Və ya başqa bir müqayisə. Göstərilən dövrdə Ermənistan əhalisinin gəlirləri 1,591 trilyon 113 milyon dram (5.262 milyard dollar), Azərbaycan əhalisinin gəlirləri isə 10.6 milyard manat (12.527 milyard dollar) təşkil edib. Bu göstərici üzrə də Azərbaycan Ermənistanı təqribən 7 milyard dollar və ya 2 dəfə qabaqlayır. Mənim söylədiklərimə qarşı arqumentiniz varmı? Cavab: Təəssüf ki, mənim heç bir əks-arqumentim yoxdur. Amma bir faktı qeyd etmək isətəyirəm: bu yaxınlarda mənim həmkarlarım Ermənistanda olmuşdu. Onlar deyirdi ki, əhali bizim insanlardan daha yaxşı yaşayır, sosial təminatı daha yüksəkdir. Onlar Ermənistanda yeni tikilən binaların şəkillərini çəkib gətirmişdilər. İnanmazsınız, orada tikilən yeni binalar memarlıq cəhətdən bizim bütün binalardan on dəfə yaxşıdır. Ola bilsin ki, biz onlardan iki dəfə qabaqdayıq. Söhbət ondan gedir ki, Ermənistan əhalisi ölkənin gəlirlərindən nəsə əldə edə bilir. Bizim insanlar isə ölkədə fırlanan puldan heç bir şey əldə etmir. İşsizliyin səviyyəsinə görə də Ermənistandan pis vəziyyətdəyik. Qəribə Adam, Bakı: Salam, Vəfa xanım. Sizə bir neçə sualım var. 1. Sizin hərəkatınızı diqqətlə izləyirəm və cəmiyyətdə etirazın, passionarlığın «Dalğa»nın simasında əks edilməsini alqışlayiram. Lakin bununla yanaşı bilirəm ki, hərəkatçıların bir çoxu Qərbdə, o cümlədən ABŞ-da təhsil alıb. Bu təhsil də elə-belə, havayı olmur. Çox vaxt gənclər özləri də bilmədən gizli təsirə məruz qalır, onların çoxu azadlıq, demokratiya adı altında öz ölkələrində dağıdıcı fəaliyyətlə məşğul olurlar. Sizin tətbiq etdiyiniz bir çox aksiyaların maketi məhz Qərbdə hazırlanıb. Bu haqda düşünmüsüzmü? Sizin yaxşı niyyətlərinizdən çirkli məqsədlər naminə istifadə ediləcəyindən qorxmursunuz ki? Özünüzü vətənpərvər hesab edirsinizmi? 2. Sizin mətbuatda gedən bir yazınızda siqaret çəkməkdən bezdiyinizi bildirmişdiniz. Mən hələ Azərbaycanda bunu belə açıq boynuna alan ikinci xanım tanımıram. Bu açıqlama nə ilə bağlıdır? Düşünmürsünüz ki, bu sizin gələcəkdə ailə həyatı qurmağınıza mane ola bilər? Cavab: Sözsüz ki, biz özümüzü vətənpərvər hesab edirik, ancaq bu haqda hər küçədə, hər tində qışqırmağa ehtiyac duymuruq. Biz konkret addımlarımızla bunu sübut edirik. İkincisi, bizə çox zaman deyirlər ki, sizi qərblilər vəhhabizmə qarşı bir oyuncaq kimi istifadə edir, sizi vəhhabi kimi kodlaşdırırlar və sair və ilaxır. Söhbət ondan gedir ki, bütün aksiyalarımızın maketini öz ofisimizdə İdarə Heyətinin iclası zamanı qururuq. Qərb texnologiyaları çox yaxşıdır, bizim aksiyalarımız da onlara yaxındır. Ancaq bizim aksiyalarımız onun köçürməsi deyil. Biz sivil yolla mübarizə ideyasını seçmişik. Xaricdən dəstəyə gəldikdə, bu da tamamilə yalandır. Sadəcə olaraq biz öz narahatlığımızı və cəmiyyətin problemlərini bu yolla bildiririk. Burada başqa bir məna axtarmaq lazım deyil. İkinci suala gəlincə, mən «Bizim yol» qəzetindəki köşəmdə Azərbaycanda ailə həyatı qurmağa mane olacaq bir şey yazmamışam. O, sadəcə, siqareti ilə söhbət edən bir xanım obrazı idi. Sonda o qadın ölkədə qalıb mübarizə aparmağı qərara alır. Əsas odur ki, insanlar mübarizədən bezməsinlər, ölkədə qalıb öz azad yaşamları uğrunda mübarizə aparsınlar. Mən bütün yazılarımda insanları buna çağırıram. Ramil Rahiboğlu, Mingəçevir Politexnik İnstitutu, iqtisadiyyat və idarəetmə fakültəsi, III kurs tələbəsi: İlk olaraq Vəfa xanımı fakültəmizin tələbələri adından salamlayıram. Vəfa xanım, sizə 3 sualım var. Amma xahiş edirəm səmimi cavab verəsiniz. 1. İqtidar nümayəndələri hakimiyyətin iqtisadi siyasətini təhlil edərkən ilk olaraq diqqəti iqtisadi artım tempinə yönəldirlər. Amma gün kimi aydındır ki, ÜDM-in artımı nominal səciyyəlidir. Məsələn, şərti olaraq təsəvvür edək ki, kəndli keçən il də 1 kiloqram məhsul istehsal edib, bu il də. Yəni real artım yoxdur. Amma keçən il istehsal etdiyi 1 kiloqram məhsulu 1 manata satırdısa, bu il 2 manata satır. Bu, nominal artımdır. Hakimiyyət isə ÜDM-in qiymət artımını (nominal artımı) real artım kimi qələmə verir. Belə məsələləri niyə qabartmırsınız? 2. Rusiya Federal Gömrük Xidmətinin saytında 2007-ci ilin 9 ayı ərzində xarici ticarətin vəziyyətinə dair məlumatda qeyd olunur ki, bu müddətdə Rusiya ölkəmizə 978 milyon dollarlıq məhsul ixrac edib. Azərbaycan Dövlət Gömrük Komitəsinin saytında eyni dövrü əhatə edən məlumatda isə bildirilir ki, ölkəmiz Rusiyadan 698 milyon dollarlıq məhsul idxal edib. Məlumatlar arasında 280 milyon dollarlıq fərq var. Bu o deməkdir ki, 280 milyon dollarlıq vəsait məlum səbəblərdən gömrük qeydiyyatından yayındırılıb. Əgər nəzərə alsaq ki, Azərbaycan Rusiya ilə yanaşı bir çox ölkələrdən də məhsul idxal edir, onda ildə milyard dollarla ölçülən vəsait dövlət büdcəsindən kənarda qalır. Niyə bu kimi faktlara istinad edərək aksiya keçirmirsiniz? 3. Ümumiyyətlə, 2008-ci ilin dövlət büdcəsini necə qiymətləndirirsiniz? Cavab: Üç suala qısaca bir cavab verəcəm. Mən iqtisadçı-ekspert olmadığımdan belə suallara cavab verməkdə çətinlik çəkirəm. Ramil Rahiboğlu bu sualını ekspertlərə versə, şübhəsiz ki, daha yaxşı cavab ala bilər. Biz ictimaiyyəti daha çox narahat edən problemləri qabartmağa çalışırıq. İndi bizim əsas hədəfimiz insan haqlarıdır. Biz başa düşürük ki, iqtisadi problemlərimiz də çoxdur. İnşallah, bu məsələlərə də vaxt ayıracağıq. İsayev Elvin, Mingəçevir Politexnik İnstitutu, iqtisadiyyat və idarəetmə fakültəsi, tələbə: Vəfa xanımı salamlıyıram. Sizə 2 sualım var. 1. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ilin yanvar-noyabr aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 6,7 milyard manat olub, hesabat dövründə ticarət şəbəkələrindən əhaliyə 4367,2 milyon manatlıq ərzaq malları satılıb. Bu fakt dolayısıyla onu təsdiq edir ki, əhali öz xərclərinin 65 faizini ərzağa olan tələbatını ödəməyə yönəldir. Məncə, bu dəlil ölkəmizdə yoxsulluğun azaldılması haqda söylənilənlərə adekvat deyil. Siz necə hesab edirsiniz? 2. 2008-ci ilin dövlət büdcəsində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə 1 milyon dollardan artıq vəsait ayrılması nəzərdə tutulub. Məncə, bunun Azərbaycan haqqında dünyada yaxşı rəyin formalaşmasına heç bir müsbət təsiri olmayacaq. Yəqin ki, uşaqların «Avrovizion» yarışmasını izlədiniz. Məlum olduğu kimi, «Arevik» adlı erməni qrupunu qələbədən cəmi 1 xal ayırdı. Amma nə olsun ki, qalib olmadılar? Əvəzində ifa etdikləri musiqidə yenə də Azərbaycanın milli musiqi aləti olan zurnadan istifadə etdilər. Yenə də Azərbaycanın mədəniyyətini oğurladılar. Amma biz öz zurnamıza, balabanımıza, nağaramıza «bozbaş» adı vermişik. İlk dəfə cazla muğamı sintez edən Vaqif Mustafazadəyə «millətdən uzaq» şəxs kimi baxmışıq. Nə isə... Vəfa xanım, bəlkə biz gənclər də sizlərlə birlikdə 1 milyon dollarlıq vəsaitin cüzi bir hissəsinin bu musiqi yarışmasında təmsil olunmağımıza ayrılması uğrunda aksiya keçirək? Razısınız? Cavab: Mən hesab edirəm ki, Azərbaycan hökuməti indi xalqımıza qarşı, eramızdan əvvəl Roma imperiyasında olduğu kimi, «tamaşa və çörək» siyasətini yeridir. Yəni insanları ancaq çörək və televiziyalardakı bayağı, mənasız verilişlərlə sakitləşdirir və başqa şeylər haqqında fikirləşməyə vaxt qoymur. Nəticədə hakimiyyət istədiyini edir, xalq isə susur. Məncə, «Avrovizion» elə böyük yarışma deyil ki, biz ona görə hansısa aksiya keçirək. Əlbəttə, biz daha çox öz mədəniyyətimizi, şou-biznesi qabatmamaq şərtilə, təbliğ etməliyik. Ermənilər nəyin hesabına dünyada irəli gedirlər? Onlar hər yerdə özlərini intellektual xalq kimi tanıdıblar. Biz isə hələ də öz musiqimiz və yeməklərimizlə tanınmaq istəyirik. Əslində biz yazıçılarımız, klassik musiqi əsərləri yazmış bəstəkarlarımız Üzeyir Hacıbəyov, Qara Qarayevlə tanınmalıyıq. «Əli və Nino» əsəri Azərbaycanı bütün dünyada tanıdıb. İndi xarici ölkələrin əksəriyyətində «Əli və Nino»nun adı çəkiləndə Azərbaycan yada düşür. Avropanı, Amerikanı, ümumiyyətlə Qərbi biz bununla fəth etməliyik. «Avrovizion» yarışmasında qalib gələnlərə həmin ölkələrin lobbiləri səs verir. Biz heç vaxt belə yarışmada nailiyyət qazana bilmərik. Çünki Azərbaycandan olanlar xaricdə özlərini azərbaycanlı adlandırmaqdan utanırlar. Ermənilərin bizim düşmənimiz olduğunu qoyaq bir yana, amma onların bir problem ətrafında birləşə bilməsinə mən hörmət edirəm. Azərbaycanlılarda isə bu yoxdur. Rahib Hacıyev, iqtisadçı: Sizi səmimi qəlbdən salamlıyıram. Sizə olan suallarım belədir. 1. İqtisadiyyatda mütləq üstünlüklər və müqayisəli üstünlüklər nəzəriyyəsi var. Bu mənada Azərbaycan təbii resurslara malik olmayan ölkələrlə müqayisədə mütləq üstünlüyə malikdir. Lakin buna baxmayaraq, artıq ölkəmizdə «holland sindromu»nun əlamətləri (inflyasiya, manatın möhkəmlənməsi, ÜDM-in, büdcənin, ixracın neftdən asılılığı) görünməkdədir. «Dalğa» Gənclər Hərəkatı olaraq bu məsələlərin həll olunması naminə niyə təşəbbüs göstərmirsiniz? 2. Bazar iqtisadiyyatının mənfi cəhətlərindən biri də şəxsi mənafenin bütün digər mənafelərdən üstün tutulmasıdır. Məncə, mədəniyyətimizin, mənəviyyatımızın korlanmasının əsas səbəbkarı bazar iqtisadiyyatıdır. Çünki bu iqtisadi sistemdə HƏR ŞEY satılır. Siz necə hesab edirsiniz? Cavab: «Dalğa» Gənclər Hərəkatı bütün bu məsələlərə öz münasibətini göstərir. Nədənsə bu haqda az danışılır. Ancaq reallığı da nəzərə almaq lazımdır. 315 gənc buna qarşı nə edə bilər? Bütün Azərbaycan susursa, biz ayağa qalxsaq, nə dəyişəcək? Siz özünüzə sual verin ki, bunun üçün nə edirsiniz... Mən düşünmürəm ki, bazar iqtisadiyyatının insan mənəviyyatına hansısa təsiri var. İnsan mənəviyyatına təsir edən amillər başqadır. Sosioloji araşdırmalar nəticəsində Azərbaycan cəmiyyətinin bugünkü vəziyyətini təhlil etmək mümkündür. Bazar iqtisadiyyatına keçidin isə insan mənəviyyatına mənfi təsir etməsi fikri ilə razı deyiləm. Şəfaqətov Günəş, kommunist: 2008-ci ildə Azərbaycanda büdcə xərcləri 8 milyard 509 milyon manat təşkil edəcək. Əgər biz şərti olaraq təsəvvür etsək ki, büdcəmiz 100 manat təşkil edir, o halda (yuvarlaq olaraq) onun 34 manatı sənaye, tikinti və faydalı qazıntılara, 12 manatı müdafiəyə, 11 manat 44 qəpiyi təhsilə, 8 manat 73 qəpiyi sosial müdafiə və sosial təminata, 8 manat 70 qəpiyi ümumi dövlət xidmətlərinə, 7 manat 8 qəpiyi əsas bölmələrə aid edilməyən xidmətlərə, 5 manat 78 qəpiyi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğa, 3 manat 88 qəpiyi səhiyyəyə, 3 manat 14 qəpiyi kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə, 1 manat 94 qəpiyi iqtisadi fəaliyyətə, 1 manat 51 qəpiyi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə, 1 manat 32 qəpiyi mənzil və kommunal təsərrüfatına, 89 qəpiyi nəqliyyat və rabitəyə xərclənəcək. Dövlət büdcəsinin xərclərinin bu cür funksional təsnifatı sizi qane edirmi? Yəni hansı sahəyə daha çox və ya daha az xərc ayrılmasını doğru hesab edirsiniz? Cavab: Əlbəttə, mən qeyri-neft sektorunun inkişafına, sosial təminatların artırılmasına daha çox fikir verərdim. Bir daha qeyd edirəm, mən iqtisadçı deyiləm, bu qədər iqtisadi xarakterli sualın niyə ünvanlandığını da başa düşmürəm. Nərmin Kamal: Vəfa, demokratiyanın və liberallıgın mənfi cəhətləri nədir? Bir sualım da var. Bizim əziz və sevimli «Dalga»da Azərbaycan dilinin qrammatikasının elementar qaydalarını bilməyən üzvlər var. Sədr kimi buna münasibətini bilmək istərdik. Cavab: İstənilən şeydə mənfi cəhətlər tapmaq olar. Ancaq demokratiya ilə liberallığın müsbət məqamlarına daha çox diqqət yönəltmək lazımdır. Liberallığın və demokratiyanın bizim cəmiyyətə ancaq müsbət nəsə gətirdiyini düşünürəm. Liberal demokratik prinsiplərin cəmiyyətdə üstünlük təşkil etməsi «Dalğa»nın əsas hədəflərindəndir. Bizim hərəkatın əsasında da demokratik prinsiplər durur. Məhz elə bizdə idarəetmədə demokratiya hökm sürür. Mən sədr olsam da, «Dalğa»da veto hüququ ancaq İdarə Heyətinin səlahiyyətindədir. Biz bütün cəmiyyəti də belə görmək istərdik. Mən aramızda Azərbaycan dilinin qrammatikasının elementar qaydalarından xəbərsiz uşaqların olduğunu bilmirəm. Bəlkə Nərmin yaxşı tanıyır. Ancaq «Dalğa» haqqında yaranan söhbətlərdən biri də budur ki, guya bura ancaq avaralar əylənmək üçün yığışırlar. Bunu bəzi adamlar yayır. Əslində biz uşaqları «Dalğa»ya seçəndə bəzi kriteriyalar əsas götürülür. Onlardan biri də onun savad və dünyagörüşünü yoxlamaqdır. Bu mərhələdən keçməyənlər geri qayıdırlar. Bizim uşaqların Azərbaycan dilinin qrammatikasının elementar qaydalarını bilməməsini iddia etmək həqiqətəuyğun deyil. Rəna: İnternet səhifəsi yaratmaq fikriniz varmı? Cavab: Bizim internet səhifəmiz var: dalğa-gh.com. Artıq bir ildən çoxdur fəaliyyət göstərir. Bu yaxınlarda isə «Dalğa»TV yaranacaq. Rubikon: Salam, Vəfa xanım! Hansı mövzuda filmlərə baxmagı üstün tutursunuz? C.G: İndiki vəziyyətdə bir gənc Azərbaycana, xalqına oxumaqla, təhsiliylə fayda verər, yoxsa kütləvi tədbirlərlə? Ümid edirəm ki, «kütləvi tədbirlər» ifadəsindəki «kütlə» məqamına diqqət yetirildi... Cavab: Mən deməzdim ki, «Alma» antiislam yönümlü bir qəzetdir. Sadəcə ola bilər ki, «Alma» ilə əməkdaşlıq edən bir neçə adam islamdan imtina edib və yazısında bunu əks etdirib. Ancaq hər bir insanın öz fikri var və biz tolerant cəmiyyətdə yaşayırıqsa, o etiraza hörmət etməliyik, biz o insanın nəyə görə islamdan üz döndərdiyini araşdırmalıyıq. Bunu etmək əvəzinə qəzeti günahlandırmaq absurddur. Elşən Poladlı: Əziz Vəfa! «Dalğa» Gənclər Hərəkatında özünü necə hiss edirsən? «Dalğa» sənə nə verdi, əvəzində nə aldı? Cavab: «Dalğa»da özümü əla hiss edirəm. Çünki orada mənim həmfikirlərim toplaşıb və səni yarım sözdən başa düşən insanlarla çalışmaq çox rahatdır. «Dalğa» mənə çox şey verib, onu sadalasam, çox vaxt aparar. Əvəzində isə bütün boş vaxtımı alıb. Nuran Göyel: Salam, Vəfa xanım! Sizin təşkilatın bəzi xanımlarının siqaret çəkdiyini görmüşəm. Sız də siqaret çəkirsiniz? Siqaret çəkən qadınlara münasibətiniz necədir? Bunu digərlərindən secilmək kimi başa düşək, yoxsa?.. Siz kücələrin təmiz olması ücün müxtəlif aksiyalar keçirirsiniz, hətta ayaqyalın da gəzirsiniz. Siqaret çəkən xanimlarla bağlı hər hansı aksiya fikirləşirsinizmi? Axı siqaret çəkən xanimlar dünyaya normal övlad gətirə bilməzlər. Siqaret çəkən xanımlarınız siqaretin kötüyünü hara atırlar? Şəhəri çikləndirmirlər ki? Seçilmək isə siqaret çəkməklə mümkün deyil. Bağışlayın, Nuran xanım, bu, düzgün sual deyil. Siqaret çəkən qadınlara münasibətim isə çox normal, çox loyaldır. Hər kəs öz həyatını necə istəyir elə də yaşayır. Bəli, küçələrin təmiz olması ilə bağlı aksiyaları bundan sonra da keçirəcəyik. Bizim qızların isə çoxu siqaret çəkdiyindən onlara qarşı aksiya keçirmək absurd olardı. Mən həm də belə aksiyanın keçirilməsinə ehtiyac görmürəm. Bundan ağrılı problemlərimiz var. Dünyaya normal övlad gətirməyə gəldikdə isə indi bizim nə yediyimiz yeməyin, nə içdiyimiz suyun haradan gəldiyi bəllidir, nə də nəfəs aldığımız havanın təmiz olduğuna təminat verə bilərlər. Bu şəraitdə siqaretin nə qədər müsbət, yaxud mənfi olduğunu bilmirəm. Ancaq siqaret çəkən xanımların dünyaya normal övlad gətirə bilməməsini heç kəs deyə bilməz. Siqaret çəkən xanmların kötüyü hara atdığını bilmirəm. Amma normal xanımlar kötüyü zibil qutusuna atır. «Media forum»
|
||||||||
|
|
|||||||||
| © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com |
|